İyunun 10-da Heydər Əliyev Sarayında “Aşıq Pəri məclisi”nin sazlı-sözlü konserti keçirilib. Gecədə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı bu il “Aşıq Pəri məclisi” nin yaranmasının 35 ilinin tamam olduğunu bildirib. Natiq öz çıxışında diqqətə çatdırıb ki, “Aşıq Pəri məclisi” 1984-cü ildə Aşıqlar Birliyinin ilk sədri Xalq Şairi Hüseyn Arifin və Narınc Xatunun təşəbbüsü ilə yaradılıb. Illər boyu bu məclisə unudulmaz saz şairi Narınc Xatun rəhbərlik edib. Aşıqlar Birliyinin diqqəti daim bu məclisin üzərində olub. Məclisdən onlarla istedadlı xanım aşıqlar və el şairləri pərvazlanıb.
Qeyd edilib ki, aşıq sənətinin XIX əsrdəkigörkəmli simalarından biri əslən Cəbrayıl rayonunun Maralyan kəndindən olan Aşıq Pəridir. Bundan sonra Borçalıdan, Göycədən, Gəncəbasardan da istedadlı xanım aşıqlar meydana çıxıb. Onların arasında SSRİ Yazıçılar İttifaqının üzvü, Naxçıvandan yetişərək aşıq sənətini geniş miqyasda təqdim və təbliğ edən aşıq Nabat Cavadovanı xüsusi qeyd etmək lazımdır. Tovuzdan olan aşıq Sayad və aşıq Əskinaz, Borçalıdan olan aşıq Sona, Balakəndən aşıq Sənəm XX əsrin birinci yarısında öz sənətləri ilə yadda qaldılar 1980-ci illərdən bəri Narınc Xatunun rəhbərlik etdiyi 1980-ci illərdən bəri “Aşıq Pəri məclisi” bu sənətin inkişafına mühüm töhfə verib.
Aşıqlar Birliyinin sədri diqqətə çatdırıb ki, “Aşıq Pəri məclisi” indiyədək onlarla istedadlı el şairi, saz ifaçısı yetişdirib. Onların arasında Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Ulduz Quliyeva da var. Bu sənətin inkişafında Narınc Xatundan sonra Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı mühüm xidmətlər göstərib. Son zamanlar məclisə rəhbərlik edən Pərvanə Zəngəzurlunun dəyərli işləri də göz qabağındadır. O, “Aşıq Pəri məclisi” nin nüfuzunu qaldırıb, Gürcüstandan Türkiyəyə qədər bu məclisi geniş təbliğ edib.
Məhərrəm Qasımlı vurğulayıb ki, bu sənət öz qanadlarını Göyçədən, Borçalıdan, Qazaxdan, Qarabağdan, Lənkərandan, Güney Azərbaycandan götürür. Oradan olan qadın ifaçılar üzlərini “Aşıq Pəri məclisi” nin yetirməsi hesab edirlər.
Qadın səsi çox məlahətlidir. Xanımlar bütün hallarda öz gözəllikləri, davranışı ilə sazın mehri-məhəbbətini yaymaqda hamıdan üstündürlər. Azərbaycanda digər aşıq məclisləri olsa da, “Aşıq Pəri məclisi” nin özünə məxsus dəst-xətti, ənənəsi vardır.
Sonra tədbir konsert proqramı ilə davam edib.
Konsertdə tanınmış aşıqlar - Əməkdar mədəniyyət işçiləri Ulduz Quliyeva, Solmaz Kosayeva, Gülarə Azaflı, Samirə Əliyeva, Zülfiyyə İbadova, eləcə də aşıq Gözəl Kəlbəcərli, Nargilə Mehdiyeva, Rəfiqə Göyçəli, Kəmalə Qubadlı ,Xavər Zəngilanlı, Əfsanə Kərimli, Xəyalə Qəribqızı, Könül Gədəbəyli, Göyçə Ömürlü, Vüsalə Gədəbəyli, Türkay Ayna və digərlərinin ifaları maraqla dinlənilib.



Sonra Göygöl şəhərində ustad sənətkarın adını daşıyan musiqi məktəbində XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar İncəsənət Xadimi Dədə Şəmşirin xatirəsinə həsr olunmuş Yeniyetmə Aşıqların Müsabiqəsi keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Aşıqlar Birliyi və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İçtimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən müsabiqədə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən yeniyetmə gənc aşıqlar iştirak ediblər. 50-dən çox gənc aşığın qatıldığı tədbirdə Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Laçın, Şirvan, Göygöl və Kəlbəcər bölgələri təmsil olunub. Yeniyetmə gənclər klassik saz havaları üstündə Dədə Şəmşirin sözlərini səsləndiriblər. Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, ustad aşıqlar-Əməkdar Mədəniyyət işçisi Mais Gəncəli, Fətulla Göyçəli, Əhliman Kəlbəcərli və digər ustad sənətkarların münsiflik etdiyi müsabiqə uğurla yekunlaşdırılmış, qaliblər mükafatlandırılmışlar.
Sonra tədbir Gəncə şəhərində yerləşən Kəlbəcər rayon Mədəniyyət Evində davam etdirilib. Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı çıxış edərək ustad sənətkar Dədə Şəmşirin Azərbaycan ədəbiyyatında və aşıq sənətindəki yeri və mövqeyi haqqında danışıb. Natiq qeyd edib ki, Dədə Şəmşir qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl, müxəmməs və s. şeir formalarında əsərlər yazmış, eyni zamanda bir neçə dastanın da müəllifidir. Onun 40-dan artıq şəyirdi olmuşdur. Dədə Şəmşirin böyük bir aşıq məktəbinin yaradıcısı olduğunu bildirən M.Qasımlı vurğulayıb ki, bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Ənvər Rza, Məmməd Aslan, Sücaət kimi görkəmli şairlərin yetişməsinə zəmin yaradıb.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov tədbir iştirakçılarını İctimai Birliyin sədri, Dədə Şəmşirin övladı Qənbər Şəmşiroğlunun adından salamlayıb. O bildirib ki, ötən il Dədə Şəmşirin 125 illik yubileyi ölkə miqyasında qeyd edilib, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2 aprel 2018-ci il tarixində sərəncam imzalayıb. Bu sərəncamı Dədə Şəmşirə, bütünlükdə saz-söz sənətinə verilən yüksək qiymət kimi dəyərləndirən natiq xüsusi vurğulayıb ki, Ulu öndər Heydər Əliyev də ustad sənətkarın ədəbi-bədii irsinə yüksək qiymət vermiş, hələ 1973-cü ildə böyük sənətkarın 80 illik yubileyinin keçirilməsi ilə bağlı qərar vermişdir. 2003-cü il iyul ayının 5-də isə Heydər Əliyev “Aşıq Şəmşirin 110 illik yubileyinin keçirilməsi haqqqında” sərəncam imzalamışdır. Sərəncama əsasən, Aşıq Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilib, Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verilib və büstü ucaldılıb. Həbib Misirov təəssüf hissi ilə qeyd edilib ki, bu gün görkəmli sənətkarın məzarı doğma Kəlbəcərdə erməni girovluğundadır. Erməni vandalları onun məzarını dağıtmaqla yanaşı Dədə Şəmşirin və atası Ağdabanlı Şair Qurbanın külliyatını da yandırmışlar. Eyni zamanda o, əminliyini bildirib ki, möhtərəm prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində işğal olunmuş bütün torpalarımız kimi Dədə Şəmşirin yurdu Kəlbəcər, Ağdaban düşmən tapdağından azad ediləcək və Dədə Şəmşirin növbəti yubileyləri böyük sənətkarın doğma yurdunda qeyd olunacaq.
