AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
“OZAN-AŞIQ ENSİKLOPEDİYASI”
Featured

“OZAN-AŞIQ ENSİKLOPEDİYASI”

08.06.2020

Azərbaycanın dövlət müstəqilliyindən sonra aparılan məqsədyönlü fəaliyyətdə əsas istiqamətlərdən birini strateji hədəf olaraq xalqın milli-mənəvi mədəniyyəti sahəsində görülən böyük və gərəkli işlər təşkil edir. Tarixi kökləri etibarilə çox-çox qədimlərə bağlanan türk xalqları həm də böyük mədəniyyətin yaradıcıları kimi möhtəşəm təsəvvür formalaşdırır. Zəngin xalq yaradıcılığı, əzəmətli memarlıq tikililəri, cahanşümul dövlətçilik ənənələri, folkloru, tarixi, məişəti, ədəbiyyatı, musiqisi,  dili bunun danılmaz göstəricisidir. Çağdaş mərhələdə Azərbaycan dövlətinin yeritdiyi siyasət məhz bu zənginliyin dünyaya təqdim olunması məqsədini də daşıyır. Beynəlxalq səviyyədə keçirilən simpozium və konfranslar, müxtəlif səpkili sərgilərin təşkili, arxeoloji qazıntıların aparılması, folklor və etnoqrafik mədəniyyətin ayrı-ayrı nailiyyətlərinin təqdimi və s. bunun nümunəsidir. “Ozan-aşıq ensiklopediyası” ikicildliyinin nəşri (Bakı, Gənclik, 2019, 2020) də həmin böyük və gərəkli işlərin davamı kimi mükəmməl təsəvvür sərgiləyir. Azərbaycan Aşıqlar Birliyinin məqsədyönlü və həm də böyük əzmkarlıq fəaliyyətinin nəticəsi olaraq ortaya çıxan bu ensiklopediya xalqımızın mədəniyyət tarixinin mühüm istiqamətlərindən birinin  - ozan-aşıq mədəniyyətinin geniş və dolğun təqdimatına  yönəldilmişdir.

Bbilindiyi kimi, qüdrətli xalqlar böyük də mədiniyyətin yaradıcıları olurlar. “Kitabi-Dədə Qorqud”, “Koroğlu” kimi eposları yaradan xalqın mənəvi zənginliyi, həyatını hansı ideallar üzərində kökləməsi tarix və mədəniyyət anlamında çox ciddi mətləblərə işıq tutur. “Kitabi-Dədə Qorqud dastanlarının 1300 illiyi ilə bağlı yubileyindəki tarixi çıxışında ulu öndər Heydər Əliyev (9 aprel 2000-ci il) vurğuladığı “biz kimik, hardan gəlmişik, hardayıq, hara gedirik” tezisi konseptual olaraq elmi-nəzəri fikrin bu istiqamətə yönləndirilməsinin əsasını qoymuşdur.  O zamandan bu yana “Kitabi-Dədə Qorqud” və “Novruz”  ensiklopediyalarının hazırlanması, dövlət və hökumət səviyyəsində Novruz bayramının  keçirilməsi, müəyyənləşmiş strateji hədəflərin milli-mənəvi dəyərlərin qorunmasına köklənməsi humanitar siyasətin başlıca qayəsinə çevrilmişdir.

Bakıda “Dədə Qorqud” parkının, “Koroğlu” abidəsinin yaradılması və həmin mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi çıxışları, I və II Beynəlxalq Aşıqlar Festivalının keçirilməsi, Beynəlxalq Muğam Mərkəzinin təşkili, Bakıda Milli Xalça Muzey-Mərkəzinin, Gədəbəydə Aşıq Musiqi məktəbinin açılması, Tovuzda Dövlət Aşıq Muzeyinin yaradılması və s.xalqımızın tarixinə və mədəniyyatinə sayğının nümunəsi olaraq həm də perspektivləri müəyyənləşdirir. Azərbaycan Respublikasının birinci vitse-prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanınm Əliyevanın  gördüyü əvəzsiz işlər, xalqımızın yaratdığı böyük mədəniyyət abidələrinin UNESKO-nun Qeyri maddi-mədəni irsi üzrə sənət şedevrləri siyahısına daxil edilməsi beynəlxalq arenada Azərbaycan mədəniyyətinin tanıdılmasına xidmət edir. Aşıq sənəti ilə bağlı görülən tədbirlər də bu sıradadır. Məsələn, Azərbaycan aşıq sənəti UNESKO-nun Qeyri maddi-mədəni irsi siyahısına (28 sentyabr – 2 oktyabr 2009-cu il) daxil edilmişdir.  Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Aşıqlar Birliyinin ustad sənətkarların yaradıcılığı ilə bağlı gördüyü işlər, yubiley tədbirləri, çeşidli antoloji nəşrlərin hazırlanması, beynəlxalq səviyyəli tədbirlərin təşkili və s. məsələləri buraya əlavə etdikdə tarixi miqyasının mahiyyəti daha da aydınlaşmış olur.

“Ozan-aşıq ensiklopediyası” məhz bu mədəni-tarixi gedişatın  qanunauyğun nəticəsi olaraq ortaya çıxmışdır. Qədirşünaslıqla qeyd etnək lazımdır ki, 20019-cu ildə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin yaradıcılıq təşkilatlarına, o cümlədən də Aşıqlar Birliyinin fəaliyyətinə dəstək məqsədi ilə  ayırdığı vəsaitin  məyyən hissəsi hesabına hazırlanıb nəşr olunan “Ozan - aşıq ensiklopediyası”  dövlət qayğısına ləyaqətli bir cavabdır.  Azərbaycan Aşıqlar Birliyinin hazırladığı bu ensiklopediya böyük zəhmətin, həm də uzunmüddətli fəaliyyətin nəticəsi olaraq yaranmışdır. Zəngin elmi faktura ilə müəyyənləşən geniş əhatə dairəsinə malik ikicildlik əsərdə artıq əsaslı mənbə olaraq aşıq sənətinin tarixi, epos-dastan mədəniyyəti, musiqi və teatral istiqamətləri geniş yer alır.  Ozan-aşıq sənətinin mifoloji qaynaqları, onun ilkin elementləri, tarixi-mədəni axarı, qam-şaman mədəniyyəti, ozanlığa gəlişin ümumi axarı, türk şamançılığının yerinə yetirdiyi funksiya və s. ayrı-ayrı ocerklər şəklində ensiklopediyada özünə yer alır. Şamandan ozana transformasiyanın sənət və sənətkar baxımından sərgilədiyi məzmunun ənənə və özünəməxsusluq baxımından nələrlə əhatələnməsi, etnosun bədii-estetik, əxlaqi-mənəvi, dini-fəlsəfi təfəkkür hadisələrinin ozan-aşıq mədəniyyətində hansı səviyyədə təzahür etməsi ensiklopediyanın müxtəlif  oçerk-maddələrində sistemli şəkildə aydınlaşdırılır.

Ensiklopediyanın uğurlu alınmasında onun üzərində çalışan yaradıcı-elmi heyətin yüksək səviyyəli professional mütəxəssislər olması  mühüm rol oynamışdır. Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, professor M.Qasımlının baş redaktorluğu altında ortaya çıxan bu abidədə yaradıcı heyətin üzvləri professor M.Allahmanlı, professor İ.Köçərli, professor K.Dadaşzadənin əvəzsiz xidmətləri vardır. Onların zəngin biliyi, mənbələrə bələdliyi və həm də xalqın mənəvi mədəniyyətinə sonsuz sevgisi sayəsində belə bir işin ortaya çıxması reallaşmışdır. Onu da əlavə edək ki, bu cür işlər həmişə böyük kollektivlərin, institutların illərlə davam edən fəaliyyyətləri nəticəsində reallaşa bilir. Çünki hər hansı bir oçerkin ensiklopedik səviyyədə işlənməsi üçün  həmin mövzu ilə bağlı mənbələrin bir araya gətirilməsi və daha doğru olanın ortaya qoyulması bir prinsip olaraq əsas götürülür. Şifahi ənənəyə söykənən aşıq yaradıcılığı üçün isə bunun  çətinlikləri daha da artır. Söyləyici auditoriyasında mövcud olan çoxvariantlı bilgilərin, ustad repertuarında yer alan fərqli təqdimatların, elmi-nəzəri fikrin çeşidli qənaətlərinin (folklorşünasların, musiqişünasların, etnoqrafların, arxeoloqların, tarixçilərin, dilçilərin, aşıq yaradıcılığı tədqiqatçılarının  və s.) yaxın və fərqli yanaşmalarında  özünü göstərən müxtəliflik fonunda tarixi gerçəkliyi müəyyənləşdirmək o qədər də asan deyildir. Bütün bunlar məhz yaradıcı heyətin fakt və tarixi hadisələrə obyektiv yanaşması və mənbələrə dərindən bələdliyi sayəsində mümkün olmuşdur. Onu da əlavə edək ki, yaradıcı heyəti təmsil edənlər folklorşünaslıq, musiqişünaslıq sahəsində   Azərbaycan elminə, mədəniyyətinə təhfələr vermiş elmi simalardır.

Aşıq ədəbiyyatına məxsus poetik şeir biçimləri və çeşidləri ensiklopediyanın uyğun maddələrində elmi izahlarla oxucuya təqdim olunur. Ayrı-ayrı şeir biçimlərinin (gəraylı, qoşma, təcnis, müxəmməs, divani və s.) formal-texniki  qəlibləri ilə yanaşı, hansı saz havaları ilə uzlaşması məsələsi də təqdimatlarda diqqət önündə saxlanılır.   Türk xalqlarının zəngin şeir ənənəsi, xalq şeirinin ehtiva elədiyi məzmun və çalar rəngarənglikləri, həmin şeir biçimlərində tarixi-mədəni prosesin hansı səviyyədə gedişi, ozan söyləmələrindən, bayatıdan, gəraylıdan, qoşmadan, təcnisin çeşidli örnəklərinə, vücudnaməyə, cahannaməyə, müxəmməsə qədər olan çeşid müxtəlifliyini doğuran səbəblər üzərində aparılan tarixi-müqayisəli təhlillər də ensiklopediyanın diqqət çəkən məziyyətlərindəndir. Eləcə də qopuzdan üçtelli saza gəlişin tarixi-mədəni axarı, sonrakı mərhələlərdə sazın təkmilləşdirilməsi, pərdə və sim əlavələri, bu keyfiyyətlərin ifaçılıqda oynadığı rol da ensiklopediyanın səhifələrində öz dolğun əksini tapır. Xalq arasında qopuzun, sazın, ümumiyyətlə musiqi alətlərinin hazırlanması  ilə bağlı maraqlı söyləmələr, əhvalat və hekayətlər (özbək, türkmən, qırğız, qazax, kırım-tatar, kumık, Azərbaycan, yakut və s.)  özünə yer almaqdadır. XIX və XX əsr toplamalarında, eləcə də yazılı ədəbiyyatın görkəmli simalarının yaradıcılığında bu tip nümunələr kifayət qədərdir. Ensiklopediyada bunlara da lazımı qədər həssaslıq göstərilmişdir.

İkicildliyin səhifələrində özünə yer alan məsələlərdən birisi Azərbaycan elmi-nəzəri fikri ilə yanaşı, dünya folklorşünaslarının aşıq sənəti ilə bağlı irəli sürdükləri qənaət və fikirlərin də ön plana çəkilməsidir. Orta əsr səyyahlarının, coğrafiyaşünasların, etnoqrafların səfərlərində Azərbaycanla bağlı söylənən fikir və mülahizələrdə etnosun mənəvi mədəniyyəti ilə əlaqədar məsələlərə də həssaslıq göstərilmişdir. Məsələn, “Dədə Qorqud” dastanının elm aləminə təqdim edilməsi və haqqında yürüdülən ilk mülahizələr, sonrakı mərhələdə gedən proseslər, Y.Reyski, H.F.Dits, E.Rossi, T.Nyoldeke, V.Bartold, V.M.Jirmunski, A.İ. Şerbak, A.J.Yakubovski, A.Kononov və başqalarının  gördüyü gərəkli işlər, eləcə də “Koroğlu” dastanının Avropada yayılması prosesi, İ.Şopen, A.Xodzko, J.Sand, A.N.Pıpin, A.N.Samoyloviç və s. bir xətt olaraq ensiklopediyada diqqət mərkəzində saxlanır. Bununla yanaşı, ozan-aşıq mədəniyyəti ilə bağlı A.Somoyloviç, V.V.Bartold, A.Qordlevski, F.Köprülü, O.Ş.Gökyay və başqa türkoloqların dəyərli elmi mülahizələri üzərində də dayanılır.

Aşıq yaradıcılığının ana axarını müəyyənləşdirən istiqamətlərdən birini möhtəşəm dastan ənənəsi təşkil edir. Türk xalqlarının zəngin dastan yaradıcılığı tarixin çox dərin qatlarından gəlir, etnosun sənət və mədəniyyət təsəvvürlərini, məişətini, tarixini, bütünlükdə etnoqrafik yaddaşını əhatə eləmək imkanındadır.  Burada xalqın bahadırlıq, qəhrəmanlıq təsəvvüründən dövlətçilik düşüncəsinə, qopuzdan saza, ozan söyləyiciliyindən aşıq məclis ədəb-ərkanına, ailə həyatından sosial münasibətlərin nizamına qədər zəngin bilgilər cəmləşir. Mifdən eposa, eposdan dastan ənənəsinə qədər olan etnocoğrafi genişlik və bütövlük ozan-baxşı-akın-aşıq xətti ilə “Yaradılış”, “Bilqamıs”, “Törəyiş”, “Boz Qurd”, “Şu”, “Ərqənəkon”, “Köç”, “Manas”, “Alpamış”, “Uralbatır”, “Edige”, “Corabatır”, “Canqar”, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və s. kimi abidələrin ehtiva etdiyi məzmun kimi ayrıca istiqamət olaraq ensiklopediyada özünə yer alır.

Aşıq yaradıcılığında epik ənənənin ana axarlardan birini məhəbbət dastanları tutur. Yüz illər boyu ustad sənətkarlar türk ellərinin məhəbbət və qəhrəmanlıq örnəklərini məclislərdə söyləmiş və buna etnosun ruhunun, milli-etnik düşüncənin, varlığının davam etməsi kimi baxmışlar. Görkəmli maarifçi ziyalı H.Zərdabinin “bir baxın aşıqlar toylarda oxuyanda onlara qulaq asanlara, ətini kəssən belə xəbərləri olmaz” qənaəti həmin düşüncə və ruhun yaşarlığıdır. “Tahir və Zöhrə”, “Yetim Aydın”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Seydi və Pəri”, “Xəstə Qasım və Mələksima”, “Yaxşı və Yaman”, “Valeh və Zərnigar” və s. məhəbbət dastanları aşıq dastançılıq ənənəsinin  mənəvi-fəlsəfi yöndəki zənginliyini və aşığın “el anası kimi”  dəyərləndirilməsinin səbəblərini aydınlaşdırır.

Ozan//aşıq sənəti kontekstində qopuz və sazla bağlı bilgilər və bu musiqi alətlərinin gerçəkləşdirdiyi mədəni-tarixi funksiya ətrafında da ensiklopediyada diqqətçəkici elmi məlumatlar vardır.  Qopuz və sazın növləri, saz havalarının çeşid və variativ bolluğunun səbəbləri, məşhur saz havalarının not yazıları akademik ardıcıllıqla verilir və təhlil edilir. “Koroğlu” dastanı timsalında “Koroğlu” havalar silsiləsi (“Cəngi Koroğlu”, “Misri Koroğlu”, “Sürütmə Koroğlu”, “Eyvazı”, “Atlı Koroğlu”, “Bozuğöu Koroğlu”, “Piyada Koroğlu” və s.), “Kərəmi” havalar silsiləsi (“Yanıq Kərəmi”, “Sallama Kərəmi”, “Hicrani Kərəmi”, “Kərəm şikəstəsi”, “Kərəm gözəlləməsi”, “Quba Kərəmi” və s.),  “Müxəmməs” (“Baş müxəmməs”, “Orta müxəmməs”),  “Mansırı”, “Cəlili”, “Dilqəmi”, “Qaytağı”, “Qarabağ şikəstəsi”, “Dərbəndi”, “Faxralı gözəlləməsi”, “Çoban bayatı”, “Yurd yeri”, “Baş sarıtel” və s. havalar barədəki təqdimat və təhlillər öz yeniliyi və əhatəliliyi ilə seçilir. Onların ifa məqamları, not yazıları, saz havalarının nota alınmasının tarixi və müasir vəziyyəti ilə bağlı bilgilər sırf elmi-ensiklopedik səciyyə daşıyır.

Aşıq yaradıcılığının  tarixi-xronikal mənzərəsi də ayrı-ayrı ustad sənətkarların ömür və sənət yolunun müfəssəl təqdimatı ilə müəyyənləşir. Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Abdalgülablı Valeh, Ağ Aşıq, Xəstə Hasan, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Nəcəf, Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq Cəlil, Molla Cuma, Aşıq Şenlik, Şair Ağacan, Borçalı Şair Nəbi, Xındı Məmməd, Əmrah Gülməmmədov, Hüseyn Saraclı, Avdı Qaymaqlı, Şakir Hacıyev, Kamandar Əfəndiyev, Mikayıl Azaflı, İmran Həsənov, Pənah Pənahov, Əkbər Cəfərov, Ədalət Nəsibov, Məmmədağa Babayev, Aşıq İsfəndiyar Rüstəmov və s. kimi ustad sənətkarların haqqında olan oçerklər günümüzə gələn yolun ümumi mənzərəsini açıqlayır. Ustad-şagird ənənəsinin bir meyar olaraq nələrlə səciyyələnməsi, aşıqlıqda yaradıcı aşıq, ifaçı aşıq və el şairləri qolunun məzmun və mündəricəsi, bu axarda təmsil olunan sənətkarların  gördüyü dəyərli işlər bir bütöv olaraq ikicildliyin uyğun bölmələrində öz ifadəsini tapır.

Aşıq sənətinin coğrafi areallar baxımından maraq doğuran problemlələrdən birisi lokal səviyyədəki saz-söz mühitlərinin tarixi-mədəni özəlliyinin araşdırılmasıdır. Bu baxımdan Göyçə aşıq mühiti, Dərələyəz aşıq mühiti, Təbriz-Qaradağ aşıq mühiti, İrəvan aşıq mühiti, Naxçıvan aşıq mühiti, Borçalı aşıq mühiti, Gəncəbasar aşıq mühiti, Şirvan aşıq mühiti,  Urmiya aşıq mühiti, Ağbaba-Çıldır aşıq mühiti və s. ensiklopediyanın ümumi elmi axarında diqqət mərkəzində olmuşdur. Mühit daxilindəki ifaçılıq məktəbləri, tarixi dastançılıq ənənəsi, sənətin yayılma coğrafiyasının ümumi mənzərəsi, çalğı və ifa rəngarəngliyi, muğam əlavələri, saz, balaban, zurna üçlüyü, aşıq dəstələri və solo saz ifaçılığı və s. üzərində də geniş dayanılmışdır. Ensiklopediyada bunların ayrı-ayrı maddələr şəklində qoyulması həm də gələcək problemlərin axtarış istiqamətlərini düşünməyə əsas verir.

“Ozan-aşıq ensiklopediyası” iki mindən yuxarı oçerk-maddəni öz əhatə dairəsində cəmləşdirir. Mindən çox aşığın yığcam bioqrafiyası əks olunduğu cildlərdə əlliyə yaxın saz havasının elmi  təqdimatı və not yazısı da verilmişdir. Aşıqların, elm və sənət adamlarının, bədii və rəsmi toplantıların, o cümlədən də aşıq qurultaylarının şəkil-rəsm qalareyası, arxiv sənədlərinin surəti və s. də ensiklopedik təqdimatın zənginliyini daha da artırmışdır.

Ozan aşıq mədəniyyətinin tarixi-xronoloji mənzərəsi, aşıq ədəbiyyatını yaradan ustad sənətkarların  bioqrafiyasını, dastan yaradıcılığı və dastançılıq ənənəsini, aşıq havalarının melodik sistemini, sənət sinkretizminin çoxçeşidli (musiqi, teatral, rəqs, söz) yönlərini yüksək elmi səriştə  ilə elmi-mədəni ictimaiyyətə çatdıran bu dəyərli ensiklopedik nəşr milil-mənəvi sərvətlərimizə diqqət və qayğını əks etdirən əhəmiyyətli elmi hadisədir.

 

Qüdrət UMUDLU

filologiya üzrə fəlsəfə doktoru, dosent

OSMAN ƏHMƏDOĞLU (Dərviş)
Featured

OSMAN ƏHMƏDOĞLU (Dərviş)

18.03.2020

(1948-2020)

Borçalı aşıq mühitinin tədqiqinə, təbliğinə və türk dünyasında tanıdılmasına böyük əmək sərf etmiş görkəmli aşıqşünas Osman Əhməd oğlu Əfəndiyev ömrünün 72-ci ilində dünyasını dəyişmişdir. O, “Dərviş Osman”, “Osman Əfəndi” və “Osman Əhmədoğlu” imzası ilə çoxsaylı kitab və məqalələr yazaraq Borçalı aşıqlığına üz ağardan tarixi xidmət göstərmişdir.

Osman Əhmədoğlu Azərbaycan, Gürcüstan, Türkiyə və İranda saz-söz ictimaiyyətinin yaxından tanıdığı və rəğbət göstərdiyi hörmətli bir ziyalı idi. Borçalı aşıqlığını dərindən bilən O. Əhmədoğlu öz müasirləri olan H.Saraclı, Ə. Gülməmmədov, K. Əfəndiyev kimi ustadların beynəlxalq miqyasda tanıdılmasında qeyrətkeş bir qələm əhli kimi əsil milli mücadilə aparırdı.

O, uzun zaman Gürcüstan Aşıqlar Birliyinə də uğurla rəhbərlik etmişdir.

Osman Əhmədoğlu əziz dost, gözəl şair və aşıq sənətinin qeyrətkeş  qoruyucusu kimi qəlbimizdə hər zaman yaşayacaqdır.

                                                 Azərbaycan   Aşıqlar    Birliyi

 “KLASSİKLƏR VƏ MÜASİRLƏR” ADLI ALBOM İŞIQ ÜZÜ GÖRÜB
Featured

“KLASSİKLƏR VƏ MÜASİRLƏR” ADLI ALBOM İŞIQ ÜZÜ GÖRÜB

16.12.2019

Azərbaycan Aşıqlar Birliyinin hazırladığı aşıq havalarından ibarət “Klassiklər və müasirlər” adlı audio albom işıq üzü görüb. Adından da göründüyü kimi, albomda həm klassik ustad aşıqların lent yazılarına, həm də müasir aşıqların ifalarına yer ayrılıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Aşıqlar Birliyinin inkişafı üçün ayırdığı maliyyə vəsaiti ilə hazırlanan albomda klassik ustad aşıqlardan Dədə Şəmşir, İslam Yusifov, Hüseyn Cavan, Əmrah Gülməmmədov, Şakir Hacıyev, Nabat Cavadova, İmran Həsənov, Hüseyn Saraçlı, Məmmədağa Babayev, Mikayıl Azaflı, İsfəndiyar Rüstəmov, Kamandar Əfəndiyev, Əkbər Cəfərov, Ədalət Nəsibov və Pənah Pənahovun repertuarlarından ən məşhur ifalarının yer aldığı audiodiskdə dövrümüzdə yaşayıb-yaradan tanınmış aşıqların ifasına da yer verilməsi sənətdə varislik ənənəsinin qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, sənətsevərlər klassik ustadlarla yanaşı, Əməkdar mədəniyyət işçiləri Ağamurad Şirvanlı, Əhliman Şirvanlı və Samirə Əliyevanın, eləcə də Səlim Göyçəli, Əli Tapdıqoğlu, Qələndər Zeynalov, Altay Məmmədli, İlham Aslanbəyli, Gözəl Kəlbəcərli, Ramin Qarayev, Şaiq İncəli, Nəbi Nağıyev, Nazim Quliyev, Elbrus Hüseynov, Şöhrət Kərimov, Avdı Musayev, Elməddin Məmmədli və Şəhriyar Qaraxanlının, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun ifasında bir-birindən gözəl ifaları dinləyə biləcəklər. Bu seriyanın davamı olaraq “Solo-saz ifaçıları”, “Sazın –sözün yeni nəfəsi”, “Ustad aşıq Ulduz Sönməzin saz-söz ifaları”,”Gözəl Kəlbəcərlinin saz-söz ifaları” və “Aşıq gözəlləmələri ” albomları da yaxın vaxtlarda içtimaiyyətə təqdim olunacaqdır.

Yeni kitab nəşrləri
Featured

Yeni kitab nəşrləri

04.06.2020

“Məndən elə nə qaldı”

   Bu günlərdə “Elm və Təhsil” nəşriyyatında Babaxan Niyazlının (Babayev Babaxan İşıq oğlu) “Məndən elə nə qaldı” adlı şeirlər  kitabı  işıq  üzü  görüb. Azərbaycan Aşıqlar  Birliyinin  nəşri olan  kitabı  çapa  hazırlayan  Sarvan Kərimov, redaktoru Azərbaycan  Aşıqlar  Birliyinin  sədri, filologiya elmlər doktoru, professor, Əməkdar  elm  xadimi Məhərrəm Qasımlı, rəyçiləri  isə Əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlı və filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədlidir.

  1. M. Qasımlının kitaba yazdığı ön sözdə qeyd etdiyi kimi, Babaxan müəllim iqtisad elmlər üzrə alim idi. Eyni zamanda o, ən müxtəlif istiqamətlərdə elmi və publisistik məqalələr,elmi,tarixi və ədəbi mövzularda  müxtəlif  kitablar yazıb: ”Babaxan müəllimin  kitablarında onun dərin bir alim təfəkkürünü görmək mümkündür.

    Babaxan  Niyazlının  Azərbaycan Aşıqlar  Birliyi tərəfindən  nəşr etdirilmiş digər kitabı  isə “Məhəbbətin müdrik  çağı” adlanır. Kitabında əsasən müəllifin ömrünün son illərində yazdığı şeirlər yer alıb. Bununla belə, gənclik dövründə yazdığı  şeirlərdən də daxil edilib.

    Bu kitabı çapa hazırlayan da Sarvan Kərimovdur. Redaktoru Azərbaycan Aşıqlar Birliyinin sədri, filologiya elmlər doktoru, professor, Əməkdar elm xadimi Məhərrəm Qasımlı, rəyçilər isə  Əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlı və filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədlidir.

img20200604_131447784.jpg

Featured

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

26.02.2020

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Komissiyanın sədri

Əli Əsədov – Azərbaycan Respublikasının Baş Naziri

Komissiyanın üzvləri

Əli Əhmədov – Azərbaycan Respublikası Baş Nazirinin müavini

Ramiz Mehdiyev – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının Mədəniyyət naziri

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının Səhiyyə naziri

Ceyhun Bayramov – Azərbaycan Respublikasının Təhsil naziri

Anar Quliyev – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti

İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti

İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri

Fərhad Bədəlbəyli – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru

Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru

Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru

Əhliman Əmiraslanov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Abel Məhərrəmov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri

Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri

Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi

Cəlal Abbasov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi

Natiq Əliyev – Xalq rəssamı

Mövlud Süleymanlı – Xalq yazıçısı.

2. “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli 26 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 703) 1-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 fevral 2020-ci il.

USTAD AŞIQ HÜSEYN QOŞQARLI VƏFAT EDİB
Featured

USTAD AŞIQ HÜSEYN QOŞQARLI VƏFAT EDİB

04.11.2019

Azərbaycan aşıq sənətinə ağır itki üz verib. Aşıq sənətinin tanınmış nümayəndələrindən biri olan ustad aşıq Hüseyn Qoşqarlı – Hüseyn Hümbət oğlu İsmayılov 2019-cu il noyabrın 3-də vəfat edib.
Hüseyn Hümbət oğlu İsmayılov 1937-ci ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olub. 1956-cı ildə həmin kənddəki orta məktəbi bitirib. 1957-1960-cı illərdə hərbi xidmətdə olub. 1973-1992-ci ilklərdə Daşkəsən rayon mədəniyyət şöbəsində birinci dərəcəli kinomexanik kimi fəaliyyət göstərib.

1950-ci ildən saz çalmağa başlayan Hüseyn Hümbət oğlu hansı sahədə çalışmasından asılı olmayaraq sazdan, sənətdən heç vaxt ayrılmayıb. Ustad aşıq kimi yaşadığı bölgədə və eləcə də respublika miqyasında keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə fəal iştirak edib, fəxri fərman və döş nişanları ilə təltif olunub.
O, həm də dastanlarımızın gözəl bilicisi kimi tanınırdı. Azərbaycan Aşıqlar Birliyinin nəşr etdirdiyi “Xəstə Qasımın dastanı” (2018) və “Növrəs İmanın dastan-hekayəti” (2019) kitabları da onun təqdim etdiyi dastanlar əsasında hazırlanıb. Hüseyn Qoşqarlının ayrıca şeirlər kitabı da işıq üzü görüb.
Ustad aşıq kimi sənətdəki xidmətləri hər zaman yüksək dəyərləndirilən Hüseyn Qoşqarlı 2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət nazirliyinin “Fəxri mədəniyyət işçisi” nişanı ilə təltif olunub.
Ustad aşıq Hüseyn Qoşqarlının – Hüseyn Hümbət oğlu İsmayılovun əziz xatirəsi yaxınlarının, doğmalarının və sənət dostlarının qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

Novruz Bayramınız mübarək!
Featured

Novruz Bayramınız mübarək!

18.03.2020

Azərbaycan Aşıqlar Birliyi xalqımızı və saz-söz içtimaiyyətini yazın-Yeni günün gəlişi münasibəti ilə ürəkdən təbrik edir! Qoy qarşıdan gələn işıqlı, aydın yaz günləri hər kəsin gözünü-könlünü isitsin! Hamımıza müjdələr gətirən sağlam və xoş günlər ömrümüzü bəzəsin!

Aşıqlar Birliyi

AŞIQ MİKAYIL AZAFLIYA HƏSR OLUNMUŞ  FİLMİN TƏQDİMATI OLUB
Featured

AŞIQ MİKAYIL AZAFLIYA HƏSR OLUNMUŞ FİLMİN TƏQDİMATI OLUB

31.01.2020

Yanvarın 30-da R.Behbudov adına Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyi və “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin birgə təşkilatçılığı ilə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, saz-söz ustadı, Əməkdar mədəniyyət işçisi Mikayıl Azaflının keçdiyi ömür yoluna və yaradıcılığına həsr olunmuş “Qoca qartalın əbədi uçuşu” adlı filmin təqdimatı olub.

Film “Azərbaycan “Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin bədii və sənədli filmlər studiyası tərəfindən istehsal olunub.

Filmin quruluşçu rejissoru Elnurə Kazımova deyib: “Bu filmdə biz portret janrından çıxış edərək Azərbaycandan kənarda, Türkiyə, İran və başqa yerlərdə Mikayıl Azaflının aşıq sənətinə qarşı münasibətini əks etdirmişik. Portret janrı ilk baxışda sadə görünsə də, onun öz çətinlikləri və məhdudiyyətləri var. Ən böyük məhdudiyyət də budur ki, süjetin sxemi əvvəlcədən bəllidir. Bu filmlə onu göstərmək istədik ki, M. Azaflı tək aşıq deyil, dövrün dissident şairidir. O, sənətilə Türkiyə, İran  və Gürcüstanda məşhurluq qazanıb. Bu filmlə biz, eyni zamanda, yeni nəsildə aşıq sənətinə maraq oyatmağa çalışmışıq”.

Filmin ssenari müəllifi Məti Osmanoğlu diqqətə çatdırıb ki, çəkiliş qrupunun qarşısında iki yoldan birini seçmək dururdu: “Ya xalqın yaratdığı mifi dekonstruksiya etmək, “söküb yenidən yığmaq”, ya da mövcud əfsanənin obrazını “televiziya dilində” bərpa etmək. Tamaşaçının təsəvvüründəki obrazı kino estetikasının tələbləri əsasında görüntülərə çevirib əyaniləşdirmək... Biz ikinci yola üstünlük verdik və mənə elə gəlir ki, bu yanaşma özünü doğrultdu. Mikayıl Azaflının portreti əsasında Azərbaycan aşıq sənətinin keçdiyi enişli-yoxuşlu, bəzən də “ildırımlı” yolu, bu sənətin ölməz gələcəyini canlandırmağa çalışdıq. Təbii ki, buna nə dərəcədə nail olduğumuzun qiymətini tamaşaçı verəcək”, - deyə M. Osmanoğlu bildirib.

Filmin elmi məsləhətçisi Qəzənfər Paşayev bildirib ki, ekran əsəri haqqında tənqidi sözlər demək çox çətindir.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı bildirib ki, burada Mikayıl Azaflının əfsanəvi obrazı canlanıb. Çünki M.Azaflının ömür yolu belədir və xalq bu obrazı sadəcə əfsanələşdirib. Qeyd edib ki, İranda onu çox yaxşı tanıyırlar. M. Azaflının qeyri-adiliyi onu əfsanəvi aşığa çevirib.

[bt_slider uid="1580469282-5e340c22d8cde" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/w_1615804069493377011678_1000x669.jpg" title="w_1615804069493377011678_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/w_1615804069492646063970_1000x669.jpg" title="w_1615804069492646063970_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/83770875_1063589740641906_2657600594532892672_n.jpg" title="83770875_1063589740641906_2657600594532892672_n.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/83844246_1063590177308529_9197160302418853888_n.jpg" title="83844246_1063590177308529_9197160302418853888_n.jpg" link="" parent_tag="slider"][/bt_slider]

Rejissor Ramiz Həsənoğlu filmin ərsəyə gəlməsində çəkiliş qrupuna öz təşəkkürünü bildirib.

Ekran əsərində Mikayıl Azaflının keçdiyi ömür yolu, Azərbaycan aşıq sənətinin inkişafında, coğrafi hüdudlarının genişlənməsində oynadığı əvəzsiz rol işıqlandırılıb.

Çəkilişləri əsasən Tovuz rayonunda, Əsrik çayının sahillərində, Mikayıl Azaflının qaçaq olduğu Şiş qaya deyilən dağda, aşığın ana yurdu Tovuz rayonunun Azaflı kəndində, eləcə də Cirdək, Qaralar, Əlimərdanlı və digər kəndlərdə aparılan filmin ssenari müəllifi Məti Osmanoğlu, quruluşçu rejissoru Elnurə Kazımova, redaktoru Sadıq Elcanlıdır.

Sonda  Mikayıl Azaflının şeirləri  və yaratdığı saz havaları təqdim olunub. Aşıqlardan Çingiz Mehdipur, Səyyad Musayev, Şəhriyar Kərimov, Ramin Cilovdarlı, Günel Qurbanova və Samir Allahverdiyevin, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” qrupunun üzvlərinin, eləcə də  ustad aşığın övladları Hakim, Maral və Gülarə Azaflıların, nəvəsi Roman Azaflının və nəticəsi – ustadın adını daşıyan balaca Mikayılın  ifaları tədbirə əlavə rəng qatıb.

Xaçmazda Aşıq Ələsgər günü
Featured

Xaçmazda Aşıq Ələsgər günü

22.10.2019

Hər il oktyabrın 20 də  Azərbaycan Aşıqlar Birliyində Aşıq Ələsgərin anım günü qeyd edilir.

20.10.2019-cu il tarixində Xaçmaz  rayonundakı  Şəxsiyyətlər  Muzeyində aşıq sənətinin  zirvələrindən  olan Aşıq Ələsgərin anım günü qeyd olunmuşdur. Tədbiri giriş sözü ilə salamlayan AAB-nin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı  Aşıq Ələsgər yaradıcılığının aşıq sənətinə verdiyi misilsiz sənət töhfələrindən ətraflı söhbət acdı. Xaçmaz rayon  İcra Hakimiyyətinin  Başçısı Şəmsəddin Xanbabayev Aşıq Ələsgər poeziyasının Azərbaycan mədəniyyətindəki böyük tərbiyəvi rolundan  danışdı.

Tədbirdə Göyçə Mədəniyyət Mərkəzinin rəhbəri Akif  Nəbiyev Aşıq Ələsgərlə bağlı ürək sözlərini söylədi. Aşıq Ələsgərin nəticəsi Xətayi Ələsgər tədbir iştirakçılarına təşəkkür etdi.

İştirakçılar Aşıq Ələsgərin büstü ilə yanaşı Aşıq Şəmşirin və Ədalət Nəsibovun  da büstləri önünə əklillər qoydular.

Tədbirə  bölgələrdən dəvət olunmuş aşıq Haşım Qubalı, Səlim Göyçəli, Bəhmən  Göyçəli, Əziz Ağacanov və Altay Məmmədli ustad Aşıq Ələsgərin sözlərini oxudular.

IMG-20191022-WA0002.jpg

Dəmir Vəliyev (1972-2020)
Featured

Dəmir Vəliyev (1972-2020)

18.03.2020

Azərbaycan aşıq sənətinə ağır itki üz vermişdir!

Xalq arasında Koroğlu aşığı kimi şöhrət tapmış Aşıq Dəmir Vəliyev sıralarımızı vaxtsız tərk etmişdir.

Zəngin repertuara malik aşıq Dəmir Vəliyev klassik saz havalarının və dastanların dərin bilicisi idi. Ustad İmran Həsənov ifaçılıq  məktəbinin layiqli davamçısı olan bu istedadlı aşıq Koroğlu havalarının da bənzərsiz ifaçılarından biri kimi taninirdı. Bir çox beynəlxalq festivalların diplomantı olan Dəmir Vəliyevin audio və video ifaları tele-radio fondunun qızıl arxivində yer almışdır.

Dəmir Vəliyev Azərbaycanla yanaşı İran, Türkiyə, Rusiya və Orta Asiya Cumhurriyyətlərində şaqraq, zil və məlahətli səsə malik ustad aşıq kimi tanınır və sevilirdi.

Aşıq sənətinin gənc nəslə mənimsədilməsində də ustad Dəmir Vəliyevin unudulmaz xidmətləri vardır.

Ustad aşıq  Dəmir Vəliyevin unudulmaz xatirəsi Azərbaycan aşığlığında daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Azərbaycan Aşıqlar Birliyi

“DƏRBƏND EL SƏNƏTKARLARI”
Featured

“DƏRBƏND EL SƏNƏTKARLARI”

22.01.2020

Azərbaycan Aşıqlar Birliyinin nəşri olan daha bir kitab işıq üzü görüb. “Dərbənd el sənətkarları” adlanan antologiyada Dərbənd mahalında tarixən ad çıxarmış saz-söz sənətkarlarının və bu gün həmin ənənəni uğurla davam etdirən çağdaş aşıq və şairlərin saz-söz ovqatıyla yaratdıqları poetik örnəklər və dastanların ən yaxşı nümunələri yer alıb.

Bu nümunələr Dərbəndin tarixi qüdrətini, mənəvi gücünü ifadə edən, Dərbəndin keçmişini bu günə, bu gününü sabaha daşıyan tükənməz söz sərvətidir.
Kitabı tərtib edənlər Fəxrəddin Qəribsəs və Zeynəb Dərbəndli, nəşrə hazırlayanı filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli, elmi məsləhətçisi Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, redaktoru isə professor İsmayıl Məmmədlidir.

TÜRKİYƏDƏ II BEYNƏLXALQ AŞIQ ŞENLİK FESTİVALI KEÇİRİLİB
Featured

TÜRKİYƏDƏ II BEYNƏLXALQ AŞIQ ŞENLİK FESTİVALI KEÇİRİLİB

16.10.2019

Oktyabrın 11-12-də Türkiyənin Qars şəhərində II Beynəlxalq Aşıq Şenlik festivalı keçirilib. Dünya Qarapapaq Türkləri Birliyinin (KARPAT) təşkilatçılığı ilə keçirilən festivala Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb. Festivalın birinci günündə Aşıq Şenliyin Çıldırdakı abidəsi və doğulduğu Suxara kəndindəki məzarı ziyarət olunub,  eləcə də KARPATın Arpaçayda tikdirdiyi mərasim evinin açılışı olub.

İkinci gün isə Qarsda KARPATın mədəniyyət mərkəzinin açılışı olub, sonra isə festival öz işini şəhərin böyük mədəniyyət mərkəzində davam etdirib. Qars aşıqları ilə yanaşı, Azərbaycan, İran və Gürcüstandan da aşıqların və incəsənət ustalarının qatıldığı festivalın açılışında KARPAT başqanı Erkan Koçalı çıxış edərək Türk mədəniyyətində aşıqlığın rolundan və Aşıq Şenliyin bu sənətdə böyük xidmətlərindən söz açıb. Azərbaycan Aşıqlar Birliyinin katibi, Musa Nəbioğlu isə öz çıxışında Azərbaycan və Türkiyə aşıqlarının son illərdəki qarşılıqlı yaradıcılıq əlaqələrinin genişlənməsindən, onların bu cür tədbirlərdə birgə iştirakının əhəmiyyətindən və Aşıq Şenliyin ustad aşıq kimi, Azərbaycanda da yaxşı tanınıb sevilməsindən danışıb, Aşıq Şenliklə bağlı folklorşünas alimlərimizin sanballı əsərlər yazdıqlarını vurğulayıb.

Festivalın bədii hissəsində Azərbaycandan getmiş aşıqlardan Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva, Faxfur Ağbabalı və Qabil Abduyevin çıxışları tamaşaçıların rəğbətini qazanıb.

Festivala dəvət almış müğənnilərdən Əməkdar artist Nuriyyə Hüseynova, Marat Darvazlı, Rövşən Civişov, Günay Şuşalı və digərlərinin çıxışları da yerli tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

kars-asik-senlik-festivali-renkli-goruntulere-sahne-oldu-(5).jpg

kars-asik-senlik-festivali-renkli-goruntulere-sahne-oldu-(7).jpg

24 -dən səhifə 36

  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ